Concert

Bakı Şəhər Halqası konserti - Dua Lipa

Bakı Şəhər Halqası konserti - Dua Lipa

Dünya musiqisində əhəmiyyətli yerə malik olan ifaçılardan biri Dua Lipa 2018 Formula 1 Azərbaycan Qran Prisi başa çatdıqdan sonra axşam saatlarında keçirilən konsert proqramında çıxış edərək Bakıda, gərgin mübarizə və əyləncə fonunda baş tutan möhtəşəm yarış həftəsonuna öz damğasını vurub.

Ötən illərdəki yarışlardan fərqli olaraq bu il dünya ulduzlarının axşam konsertləri Kristal Zalda keçirilib.

Biletləri tamamilə satılan konsertləri və hit mahnıları ilə 2017-ci ili başa vuran Dua Lipa 8,5 milyon sinql və 1,5 milyon albom sataraq, ötən il “Spotify”-da ən çox dinlənilən britaniyalı qadın ifaçı adına layiq görülüb.

Duanın “YouTube”-da baxış sayı 1 milyardı keçən “New Rules” adlı mahnısı Böyük Britaniya mahnı çartlarında 2 həftə 1-ci yerdə olmuşdur. Bununla da müğənni 2015-ci ildən bəri Adeldən sonra Böyük Britaniyada 1-ci pillədə qərarlaşan ilk solo qadın ifaçıdır.

 

Baş tutan Dua Lipanın konsertindən sonra səhnəyə dünyaca məşhur DJ - Martin Solveig çıxaraq əyləncə sevərlərə coşğulu gecə təqdim edib.

Paris əsilli sənətçi 20 illik karyerasında DJ fəaliyyəti ilə birlikdə uğurlu bəstəkarlıq işi ilə də bütün dünyada böyük rəğbət qazanıb. O, istiqamətverici görüşləri və özünəməxsus tərzi ilə dünya musiqisinin sərhədlərini aşmağa davam edir.

 Kanadalı elektro-pop qrupu Dragonette ilə birgə ifa etdiyi “Hello” mahnısı 2010-cu ildə fransız sənətçiyə böyük uğur qazandırıb. Onun albomunda yer alan “Smash” mahnısı 4 ölkədə ən çox dinlənən trek adına yiyələnib və bu trek Madonnanın diqqətini cəlb edib. Daha sonra Madonna “MDNA” albomunda yer alan 6 treki DJ Solveig ilə birlikdə yenidən aranjıman edib. Həmçinin Martin Solveig 2012-ci ildəki dünya turunda pop musiqisinin kraliçasını müşayiət edib. 2015-ci ildə isə “Intoxicated” mahnısını buraxıb. Qısa müddət ərzində Böyük Britaniyada ilk 5-liyə daxil olan bu mahnı ardıcıl olaraq 24 həftə həmin cədvəldə qalıb və bu uğura görə fransız DJ Avropa üzrə platinium və qızıl mükafatlarına layiq görülüb.