İdman

“TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı

“TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı

Mayın 26-da Bakıda “TEKNOFEST Azərbaycan” festivalı start götürüb.

 “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” – T3 Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən başlayaraq hər il keçirilir. Türkiyədən kənarda ilk “TEKNOFEST” Azərbaycanda, Bakı Kristal Zalı və ətrafındakı Dənizkənarı Bulvar ərazisində təşkil olunub.

Festivalın açılışı bu möhtəşəm tədbirə hazırlığın gedişatını əks etdirən videoçarxın nümayişi ilə başlayıb.

Açılış mərasimində Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “TEKNOFEST”in İdarə Heyətinin və T3 Fondu Qəyyumlar Şurasının sədri Selçuk Bayraktar və Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank çıxış ediblər.

Selçuk Bayraktarın geri sayımı ilə “TEKNOFEST Azərbaycan” festivalı öz işinə başlayıb. Təbdir iştirakçıları VİP tura dəvət olunublar. Tur zamanı qonaqlar sərgilərlə tanış olub, moderator onlara “TEKNOFEST” barədə ümumi məlumat verib.

“TEKNOFEST” çərçivəsində keçirilən yarışlarda pilotsuz uçuş aparatları, robotexnika, peyk modelləşdirilməsi və digər sahələr üzrə gənclərə öz bacarıqlarını göstərmək imkanı verib. Festivalda iştirak üçün ümumilikdə 1000 komanda, 5000-dək şəxs müraciət edib. Azərbaycanın 52 rayonundan, Türkiyənin isə 40 bölgəsindən gənclər festivalda iştirak üçün qeydiyyatdan keçiblər.

Festival elmi, texnologiyanı sevən gənclərə özünü sınamaq, ideyalarını reallaşdırmaq imkanı verəcək, təcrübə qazandıracaq. Eyni zamanda, birlikdə çalışan gənclərə komanda ruhu aşılayacaq. Sağlam mühitdə rəqabət aparmağı, əzmkar olmağı öyrədəcək.

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində Azərbaycan və Türkiyə pilotlarının iştirakı ilə keçirilən aviaşou festivalın ən yaddaqalan hadisələrindən biri olub.

Festivalda 4 gün ərzində ümumilikdə 200 mindən çox ziyarətçinin (33 ölkədən 500-ə yaxın əcnəbi) iştirakı proqnozlaşdırılır.

Tədbirdə qlobal bazarlara çıxış potensialı olan startapçıların, yerli və əcnəbi mentorların, xarici ölkələrdən investorların və vençur fondların iştirakı nəzərdə tutulur.

Tədbirdə iştirak üçün dünyanın 32 ölkəsindən 287 startap (101-i Azərbaycan startapı olmaqla) müraciət edib. Onlardan 15-i xarici ölkə (ABŞ, Argentina, Estoniya, İordaniya, Misir, Pakistan, Türkiyə), 35-i yerli olmaqla 50 startap finala vəsiqə qazanıb.

Festival çərçivəsində "SMART QARABAĞ" Hakatonu keçirilir. Hakatonun məqsədi işğaldan azad edilmiş ərazilər üçün “ağıllı” şəhər, kənd, ev təsərrüfatı, nəqliyyat və s. həllərin yaradılmasıdır. Burada iştirak üçün 188 müraciət (151-i Azərbaycandan, 57-i Türkiyədən) daxil olub. Finala Azərbaycandan 21, Türkiyədən 10 komanda olmaqla ümumilikdə 85 iştirakçı vəsiqə qazanıb.

TEKNOFEST çərçivəsində “Take Off Baku” beynəlxalq startap sammiti iştirak edib. Burada Azərbaycan da daxil olmaqla 8 ölkədən 50 startap iştirak edib.

“TEKNOFEST ” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində Rocket League üzrə Avropa Çempionatı keçirilib.

Azərbaycan, Macarıstan, Lüksemburq, Monako, Hollandiya, Slovakiya, İspaniya, İsveç, Türkiyə və Uelsdən olan 10 komandanı təmsil edən Raket Liqasında ümumilikdə 30 iştirakçı mübarizə aparıb.

Milli federasiyaların, o cümlədən Avropa Esports Federasiyasının ümumilikdə 21 nümayəndəsi yarışı müşahidə etmək üçün Bakıda rəsmi səfərdə olub.

Çempionat Avropa və Azərbaycan Kiberidman Federasiyaları tərəfindən təşkil olunub.