“UNEC Məzun Günü 2022”
UNEC Məzun Günü 30 iyun 2022-ci il tarixində Baku Crystall Hall da baş tutub.
Bakı Kristall Zalda keçirilən təntənəli mərasimdə universitetin rəhbərliyi, professor-müəllim heyəti, məzunlar və valideynlərlə yanaşı, dövlət rəsmiləri, millət vəkilləri, xarici qonaqlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Məzun Gününün açılışında çıxış edən UNEC-in rektoru, professor Ədalət Muradov bu gün 3478 bakalavr, 1678 magistr olmaqla, 5166 tələbənin məzun olduğunu deyib. Məzunları təbrik edən rektor, onları qarşıda yeni sınaqların gözlədiyini, bu parlaq gənclərin bütün sınaqların öhdəsindən layiqincə gələrək, uğur qazanacaqlarından əminliyini ifadə edib.
Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev UNEC-in ali təhsil müəssisələri arasında özünəməxsus yeri olduğunu və ölkənin iqtisadi inkişafına dəyərli töhfələr verdiyini bildirərək, ölkənin bilikli və bacarıqlı gənclərə daim ehtiyac olduğunu deyib.
Məzun Günündə iştirak edən Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşlıq və mədəniyyət üzrə konsulu, Fransız İnstitutunun direktoru Kelle Jerome UNEC ilə Fransanın Montpellier Universiteti arasında 6 ildir ki, reallaşdırılan ikili diplom proqramının əhəmiyyətindən söz açıb. Yeni tədris ilindən UNEC-in 12 tələbəsinin proqram çərçivəsində Fransada təhsil alacağından qürur duyduğunu bildirən səfirlik nümayəndəsi, UNEC ilə Fransa universitetləri arasında əməkdaşlığı digər sahələrdə də inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.
Sonra UNEC-in Fransanın Montpellier Universiteti ilə ikili diplom proqramlarının məzunlarına həmin universitetin diplomları təqdim olunub.
Ənənəvi “papaqatma” mərasimindən sonra Məzun Günü əyləncəli proqram ilə davam edərək, məzunlara unudulmaz anlar yaşadıb. Məzun gününün aparıcısı İlkin Həsəni, möhtəşəm günün qonaqları isə müğənnilər Zamiq Hüseynov və Ayaz Babayev olub.