Concert

Azərbaycan Xalq Cümhüriyyətinin 100 illiyi

Azərbaycan Xalq Cümhüriyyətinin 100 illiyi

Mayın 28 -də Bakı Kristal Zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş qala konserti keçirildi.

Musiqili və bədii gecənin konsepsiyası 28 May 1918 -ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan edilmə tarixinə əsaslanır.

Xalq Artisti Alim Qasımov və Əməkdar Artist Fərqanə Qasımovanın ifasında “Qarabağ” şikəstəsi, “Natiq” ritm qrupunun “Sarı gəlin” kompozisiyası, dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra, habelə Qara Qarayevin “Yeddi gözəl”, Fikrət Əmirovun “1001 gecə”, Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletlərindən rəqslər, Xalq artistləri Azərinin, Zülfiyyə Xanbabayevanın, Samir Cəfərovun ifalarında “Ey Vətən”, “Şuşanın dağları” və “Neftçilər” mahnıları böyük maraqla dinlənildi. Xalq artistləri Aygün Kazımova, Azər Zeynalov, Emin, Elçin Əzizov, Əməkdar artistlər Emil Əfrasiyab, Səbinə Babayeva, Tünzalə Ağayeva, Miri Yusif və Röyanın, “Rast” qrupunun, Azərbaycan Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin çıxışları bayram təntənəsi yaşatdı.

Eyni zamanda, tədbirdə Bakı Media Mərkəzi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar hazırlanmış videoçarxlar da nümayiş etdirildi.

İki saata yaxın davam edən konsert proqramına ümumilikdə 670 nəfərdən çox şəxs - tanınmış incəsənət xadimləri və yaradıcı heyət cəlb edilmişdi.

Bakı Kristal Zalındakı konsert proqramı Dənizkənarı Milli Parkda quraşdırılmış monitorda birbaşa yayımlandı.